İstanbulda Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanan tamaşa nümayiş olunub

0
8

İstanbul şəhərində Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri əsasında hazırlanmış “Yağışdan sonra” adlı ikipərdəli səhnə əsəri təqdim edilmişdir. Tamaşa Dünya Teatr Günü münasibətilə Türkiyədə keçirilən festival çərçivəsində nümayiş olunmuşdur.

Tədbirin açılış hissəsində çıxış edənlər incəsənət və mədəniyyətin Azərbaycan ilə Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulamışlar.

Səhnə əsəri Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gətirilmişdir. Tamaşanın yaradıcı heyətinə truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı və “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor üzrə rəssam Aylin Axundova və səs tərtibatçısı Hilal Alp daxildir. Tamaşada Vüsalə Əsgərova, Neda Sözbir, Mehmet Türkbeyler, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanova iştirak etmişlər.

Nümayişdən sonra İstanbulun Kartal Bələdiyyəsinin sədri Gökhan Yüksel adından festivalda iştiraka görə Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrına xüsusi təşəkkür plaketi təqdim olunmuşdur.

Səhnə əsəri ilə bağlı açıqlama verən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin və Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarova bildirmişdir ki, tamaşa Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə səhnələşdirilmişdir. O, həmçinin qeyd etmişdir ki, sözügedən tamaşa artıq üç dəfə İstanbul şəhərində nümayiş etdirilmiş, gələcəkdə isə Türkiyənin müxtəlif bölgələrində təqdim olunması nəzərdə tutulur.