Bratislavada güləşçilərimizdən iki gümüş medal! Günay və Ruzanna dünya ikincisi oldu

0
30

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatında Azərbaycan millisi növbəti uğurlara imza atıb.

Çempionatın altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq, sərbəst güləşdə isə 61 və 86 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova finalda yaponiyalı Konami Ono ilə qarşılaşıb. Görüşün ilk hissəsini üstün başa vuran güləşçimiz fasilədən sonra rəqibinin təzyiqinə tab gətirə bilməyib. Qarşılaşma Günayın 6:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, təmsilçimiz U20 dünya çempionatının gümüş medalını qazanıb.

59 kq-da çıxış edən Ruzanna Məmmədova da finaladək inamla irəliləyib. Həlledici görüşdə onun rəqibi digər Yaponiya təmsilçisi Sae Noquçi olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada Ruzanna 1:3 hesabı ilə uduzaraq dünya ikincisi adını qazanıb.

61 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Camal Abbasov isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəri ilə üz-üzə gəlib. Güləşçimiz 5:11 hesabı ilə məğlub olaraq mübarizəni medalsız başa vurub.

Beləliklə, Azərbaycan güləşçiləri Bratislavada keçirilən dünya çempionatında daha iki gümüş medalla sevindiriblər.