Rusiya U-15 millisi Azərbaycanda keçiriləcək FIFA turnirində bayraq və himnlə iştirak edəcək

0
13

Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandası Azərbaycanda keçiriləcək FIFA-nın U-15 Dünya Çempionatı və Festivalında ölkənin dövlət bayrağı və himni ilə çıxış edəcək.

Bu barədə Rusiya Futbol İttifaqının rəsmi məlumatına istinadən xəbər yayılıb.

Turnirin ilkin mərhələsində Rusiya yığması Əfqanıstan, Cibuti, Syerra-Leone, Sudan və Türkiyə milli komandaları ilə eyni qrupda mübarizə aparacaq. İlkin mərhələdən sonra komandalar digər qruplarda müvafiq pillələri tutan rəqiblərlə daha beş qarşılaşmada iştirak edəcəklər.

Yarışın oktyabrın 22-dən 31-dək Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Turnirdə ümumilikdə 191 milli komandanın iştirakı gözlənilir. Qarşılaşmalar 8×8 formatında təşkil olunacaq və hər matç 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

Rusiya U-15 millisinin bu turnirdə dövlət bayrağı və himni ilə iştirakı xüsusi diqqət çəkir. Belə ki, bu, 2022-ci ildən etibarən Rusiyanın istənilən yaş kateqoriyası üzrə milli komandasının FIFA-nın himayəsi altında keçirilən rəsmi turnirdə bu atributlarla çıxış edəcəyi ilk yarış olacaq.

Qeyd edək ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiyanın klublarını və milli komandalarını beynəlxalq rəsmi yarışlardan kənarlaşdırmaq barədə qərar qəbul etmişdi.