
İran və ABŞ arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi fonunda Tehran Hörmüz boğazından gəmiçiliklə bağlı yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
“Fars” agentliyinin məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai bildirib.
Onun sözlərinə əsasən, İran parlamentində “Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üzrə strateji fəaliyyət” layihəsi çərçivəsində bir sıra tələblər təsdiqlənib.
Yeni qaydalara əsasən, Hörmüz boğazından gəmilərin keçidi müəyyən maliyyə və hüquqi öhdəliklərin yerinə yetirilməsindən sonra mümkün olacaq. Buraya tranzit ödənişləri ilə yanaşı, hərbi təzminatların ödənilməsi də daxildir.
İran rəsmisinin açıqlamasında qeyd olunub ki, ABŞ-la müharibə dövründə İrana hər hansı formada zərər vurmuş dövlətlər Tehranla təzminat məsələsini razılaşdırmalıdır. Əks halda, həmin ölkələrə məxsus gəmilərin boğazdan keçidinə icazə verilməyəcəyi bildirilib.
Bundan əlavə, Hörmüz boğazından keçid üçün gəmilərdən müvafiq sığorta və bank zəmanətinin təqdim edilməsi tələb olunacaq.
Qeyd edək ki, bu gün ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazı ərazisində yerləşən İran obyektlərinə zərbələr endirdiyi bildirilib. Bunun ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinə cavab zərbələrinin həyata keçirildiyini açıqlayıb.



