ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və “Politico” media qurumlarının Ağ Evə girişinin məhdudlaşdırıldığını açıqlayıb.
Azerxeber.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
ABŞ Prezidenti sözügedən media qurumlarını administrasiyası və ABŞ rəhbərliyi barədə onun fikrincə, həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib. Tramp qərarın dərhal qüvvəyə mindiyini bildirib və digər media qurumlarının da oxşar məhdudiyyətlərlə üzləşə biləcəyinə işarə edib.
Tramp paylaşımında media qurumlarının prezident, onun administrasiyası və ABŞ-ın fəaliyyəti barədə məlumat hazırlayarkən “uydurma və yalan” yaymamalı olduğunu qeyd edib.
Bununla yanaşı, prezident konkret olaraq hansı xəbərlərin bu qərara səbəb olduğunu açıqlamayıb. Hazırkı məlumata görə, qadağanın jurnalistlərin akkreditasiyasının ləğvi, Ağ Ev ərazisinə girişin məhdudlaşdırılması, yoxsa yalnız müəyyən tədbirlərə və mətbuat hovuzuna çıxışın dayandırılması formasında həyata keçiriləcəyi dəqiqləşdirilməyib.
ABŞ mediasının yaydığı məlumatlara əsasən, Trampın açıqlamasından sonra CNN əməkdaşlarının Ağ Evdə fəaliyyətini davam etdirdiyi bildirilib. Bu isə prezidentin elan etdiyi məhdudiyyətlərin praktiki tətbiqinin hələ tam aydın olmadığını göstərir.
Qeyd edək ki, Donald Trampın media qurumları ilə münasibətlərində bu cür qarşıdurmalar daha əvvəl də baş verib. Onun ilk prezidentlik dövründə CNN-in Ağ Ev müxbiri Cim Akostanın akkreditasiyası müvəqqəti olaraq ləğv edilmiş, daha sonra məhkəmə qərarından sonra bərpa olunmuşdu.



