Enişin aprelin 11-i gecə saatlarında baş tutacağı gözlənilir, xilasetmə gəmisi artıq yola düşüb
Artemis 2 missiyasının Orion kosmik gəmisi Aya uçuşdan sonra Yerə qayıdır və ilkin hesablamalara görə, cümə gecəsindən şənbə gününə keçəndə eniş edəcək.
Bu gün Bakı vaxtı ilə təxminən gecə saat 4 radələrində gəmi trayektoriyasına kiçik düzəliş etdi: mühərriklər 15 saniyə müddətinə işə salındı. Bu düzəliş astronavtların olduğu kapsulun atmosferə düzgün bucaq altında daxil olması və Sakit okeanın müəyyən edilmiş ərazisinə enməsi üçün lazımdır. Eyni zamanda, uçuşun əsas hissəsi daimi manevrlər olmadan sərbəst trayektoriyaya uyğun olaraq həyata keçirilir.
NASA daha əvvəl suya enmədən sonra ekipajın axtarış və xilasetmə əməliyyatının USS John P. Murtha desant-daşıyıcı gəmisi tərəfindən həyata keçiriləcəyini bildirmişdi. Gəmi artıq limanı tərk edib və təxmini eniş sahəsinə doğru yola düşüb.
Cari hesablamalara əsasən, “Orion”un 11 aprel 2026-cı il tarixində Bakı vaxtı ilə saat 04:07-də enməsi gözlənilir. Hazırda gəmi Yerdən təxminən 320 min kilometr məsafədədir və artan sürətlə planetə doğru hərəkət etməyə davam edir. Atmosferə daxil olarkən kapsulun sürəti 11 km/san-dən çox olacaq.


