SEPAH Quru Qoşunları Sistan və Bəlucistanda silahlı qrupa qarşı əməliyyat keçirib

0
31

Azerxeber.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Sistan və Bəlucistan vilayətinin Rask rayonunun qərbində yerləşən dağlıq ərazidə fəaliyyət göstərən silahlı qrupa qarşı əməliyyat keçirib.

SEPAH Quru Qoşunlarının yaydığı məlumata görə, əməliyyat zamanı sözügedən qrup müəyyənləşdirilib və qəfil əməliyyat nəticəsində zərərsizləşdirilib.

Məlumata əsasən, əməliyyat nəticəsində iki nəfər öldürülüb, daha bir neçə şəxsin təqib edildiyi bildirilib.

SEPAH-ın məlumatında həmin qrupun Sistan və Bəlucistan vilayətində bir sıra silahlı hücumlarda, o cümlədən yerli SEPAH əməkdaşlarından birinin öldürülməsində iştirak etdiyi qeyd olunub.

Bildirilib ki, qrupun yaxın günlərdə vilayətdə təhlükəsizliyin təmin olunmasına cəlb edilmiş qüvvələrə qarşı hücum həyata keçirməyi planlaşdırdığı müəyyən edilib.