36 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi – Dövlət Suverenliyi Günü ərəfəsində növbəti addım

0
15

20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı istiqamətində növbəti sosial dəstək tədbiri həyata keçirilib.

Azerxeber.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 36 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs mənzillə təmin olunub. Yeni mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksində yerləşir.

Mənzillərin sənədlərinin təqdim edilməsi ilə bağlı tədbir 4 saylı DOST Mərkəzində keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial müdafiə tədbirləri ilə əhatə olunduğunu qeyd edib.

Bildirilib ki, sözügedən sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən sonra bu kateqoriyadan olan şəxslərin mənzil təminatı proqramı əhəmiyyətli dərəcədə genişləndirilib.

Rəsmi məlumatlara əsasən, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 300-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən artıq mənzil təqdim edilib.

Bununla yanaşı, postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin orta hesabla iki dəfədən çox artırıldığı bildirilib. Eyni zamanda, onların məşğulluğunun təmin edilməsi, peşə reabilitasiyası və digər sosial xidmətlərə əlçatanlığının genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət sosial siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir.