Çində səfərbərlik qaydaları yenilənir: Yüksək texnologiyalar da hərbi resurs hesab ediləcək

0
22

Çin hökuməti ölkənin səfərbərlik sisteminin hüquqi əsaslarını yeniləyib. Son 16 ildə ilk dəfə dəyişdirilən qanun mülki sektorda mövcud olan texnoloji imkanların hərbi məqsədlər üçün səfərbər edilməsinə hüquqi zəmin yaradır.

“South China Morning Post” yazır ki, yeni tənzimləmələr xüsusilə strateji əhəmiyyət daşıyan texnologiyaların müdafiə sektoruna cəlb olunmasını nəzərdə tutur. Söhbət süni intellekt, pilotsuz uçuş və digər avtonom sistemlər, kibertəhlükəsizlik, biotexnologiya və kvant texnologiyalarından gedir.

Hərbi hüquq üzrə ekspert Sie Danın açıqlamasına görə, dəyişikliklərin əhatə dairəsi yalnız texniki vasitələrlə məhdudlaşmır. Bu sahələrdə fəaliyyət göstərən özəl şirkətlər, eləcə də müvafiq ixtisaslara malik mütəxəssislər də fövqəladə vəziyyət zamanı səfərbərlik prosesinə cəlb oluna bilərlər.

Yenilənmiş müddəaların oktyabrın 1-dən etibarən qüvvəyə minməsi nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, sözügedən mexanizmdən ölkənin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə, milli birliyinə və strateji inkişaf maraqlarına ciddi təhlükə yarandığı hallarda istifadə edilə bilər.

Yeni yanaşma Çində milli müdafiə sisteminin yalnız ənənəvi hərbi imkanlara deyil, eyni zamanda mülki texnologiyalara, innovasiya potensialına və yüksək ixtisaslı insan resurslarına söykənməsini gücləndirir.