
Azərbaycanda işlənmiş hibrid avtomobillərin qiymətlərində son dövrlərdə ciddi artım müşahidə olunur. Məlumatlara görə, əvvəllər avtomobil elanlarında 7–8 min manat aralığında təklif olunan Yaponiya istehsalı köhnə nəqliyyat vasitələri hazırda 12 min manatdan yüksək qiymətlərlə satışa çıxarılır.
Məsələ ilə bağlı açıqlama verən Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, bu artımın əsas səbəblərindən biri ekoloji cəhətdən təmiz avtomobillərə tətbiq edilən güzəştlərin ləğv olunmasıdır. Onun sözlərinə görə, ötən il bazarda qeydə alınan kəskin ucuzlaşma nəzərə alınarsa, hazırkı vəziyyət daha çox qiymətlərin əvvəlki səviyyəsinə qayıtması kimi qiymətləndirilə bilər.
Ekspert əlavə edib ki, hazırda hibrid avtomobillərə olan tələbat da artıb. Bu maraq artıq yalnız taksi fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda kuryer xidmətləri və müxtəlif özəl şirkətlərin istifadəsi üçün də bu nəqliyyat vasitələrinə üstünlük verilir




