Son günlər ölkənin şimal bölgəsində hava şəraiti nisbətən sabitdir. Əvvəlki günlərlə müqayisədə temperatur təxminən 10–12 dərəcə artıb. Bu istiləşmə dağlıq ərazilərdə qarın əriməsini sürətləndirir ki, nəticədə çaylarda suyun səviyyəsi yüksəlir.
Hazırda Qudyalçayın Quba şəhərindən keçən hissəsində saniyədə təxminən 2.5 kubmetr su axını qeydə alınıb. Bu göstərici isə sel təhlükəsinin yarana biləcəyi ehtimalını artırır. Məlumatda qeyd olunur ki, vəziyyət yalnız Qudyalçayla məhdudlaşmır.
Digər dağ çaylarında da əvvəlki günlərlə müqayisədə sululuğun artdığı müşahidə edilir. Suyun bulanıq olması isə dağlarda qarın intensiv şəkildə əriməsinin əsas göstəricilərindən biri hesab olunur.
Mövcud vəziyyət xüsusilə çaykənarı yaşayış məntəqələri üçün müəyyən risk yaradır. Proqnozlara görə, qarşıdakı günlərdə çaylarda suyun səviyyəsinin daha da artması mümkündür. Həftə sonuna doğru gözlənilən yağıntılı hava şəraiti də bu prosesi daha da sürətləndirə bilər.
Yaranmış risklərin qarşısını almaq məqsədilə rayonlarda su-meliorasiya sistemləri üzrə fəaliyyət göstərən qurumlar tərəfindən çaylara ağır texnika cəlb olunub. Hazırda sahilbərkitmə və çay məcralarının tənzimlənməsi istiqamətində işlər aparılır. Bu tədbirlər suyun əsasən çayın ortası ilə axmasını təmin etməyə və sel təhlükəsini azaltmağa yönəlib.
Bununla yanaşı, aidiyyəti dövlət qurumları əhaliyə, xüsusilə çaykənarı ərazilərdə yaşayan vətəndaşlara diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir.





