
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti yüksəksəviyyəli sessiya və görüşlərə qatılır. Açılış mərasimində çıxış edən Anar Quliyev bildirib ki, Azərbaycan əlçatan mənzil və dayanıqlı şəhər inkişafını əsas prioritetlərdən biri kimi qəbul edir və bu istiqamətdə fəaliyyətini davam etdirir. O, həmçinin mayın 17–22-də Bakıda keçiriləcək WUF13-ün qlobal dialoq üçün mühüm platforma olacağını vurğulayıb.
Nazirlər sessiyasında çıxış edən komitə sədri dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, innovativ maliyyələşmə mexanizmləri və dayanıqlı mənzil modellərinin tətbiqinin vacibliyini qeyd edib. Azərbaycanın Keniya üzrə səfiri Sultan Hacıyev isə ölkəmizin şəhər inkişafı və iqlim siyasəti sahəsində yanaşmalarını diqqətə çatdırıb.
Tədbir çərçivəsində Afrika ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəhbərliyi ilə görüşdə Bakıda keçiriləcək WUF13-ə hazırlıq məsələləri müzakirə edilib və artıq 16 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi bildirilib.
Qeyd edək ki, Afrika Şəhərsalma Forumu şəhər inkişafı və urbanizasiya sahəsində mühüm platforma olmaqla, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılmasına xidmət edir.




