Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırıldı

0
25

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən “Tinderyol Baku” geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra ciddi nöqsanlar aşkar edilib.

Məlumata görə, obyektin elektrik təsərrüfatı qaydalara uyğun quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb. Eyni zamanda, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib edilməyib və müvafiq çıxışlar mövcud deyil.

Bundan başqa, yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığına dair sınaq protokolu təqdim olunmayıb, yanğın su hovuzu yoxdur, obyekt daxilində yanan əşyalar nizamsız saxlanılır. Havalandırma sisteminin istismara yararlılığı ilə bağlı sənədlər də təqdim edilməyib.

Həmçinin obyektin daşınmaz əmlakı icbari sığortalanmayıb və fəaliyyətinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd mövcud deyil.

Qurum bildirib ki, bu nöqsanlar yanğın baş verəcəyi təqdirdə onun sürətlə yayılmasına və ciddi nəticələrə səbəb ola bilər.

Aşkarlanan kobud qayda pozuntularını nəzərə alaraq, “Tinderyol Baku” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənəd obyekt nümayəndəsinə təqdim edilib.