
Cənubi koreyalı aktyor Li Sanq-bo 45 yaşında vəfat edib. Məlumata görə, aktyor narkotik ittihamlarından bəraət aldıqdan sonra yenidən ekrana qayıtsa da, evində ölü tapılıb.
Onun meyiti ailə üzvlərindən biri tərəfindən aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığını bildirir və ölümün dəqiq səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Li Sanq-bo 2006-cı ildə “The Invisible Man Choi Jang-soo” serialı ilə aktyorluq fəaliyyətinə başlayıb. Daha sonra o, “Man Who Dies to Live” və “Miss Monte-Cristo” kimi layihələrdə rol alaraq tanınıb.
Aktyor 2022-ci ilin sentyabrında narkotik istifadə ittihamları ilə gündəmə gəlmişdi. Lakin sonradan məlum olub ki, o, depressiya səbəbindən müalicə məqsədilə dərmanlar qəbul edib. 2009-cu ildə ailə üzvlərini itirdiyi ağır qəza onun psixoloji vəziyyətinə ciddi təsir göstərmişdi.
Bəraət almasına baxmayaraq, bu qalmaqal onun karyerasına mənfi təsir edib. İki illik fasilədən sonra aktyor “The Elegant Empire” layihəsi ilə yenidən ekranlara qayıtmışdı.



