Cəlilabadda ağac avtomobilin üzərinə aşdı – ciddi ziyan dəydi

0
4

Cəlilabad rayonunda güclü külək nəticəsində iri gövdəli ağacın aşması avtomobilə ciddi ziyan vurub.

Azerxeber.com-un cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralında baş verib.

Güclü külək nəticəsində yol kənarındakı iri gövdəli ağac hərəkətdə olan, 77-BQ-470 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin ağacın avtomobilin üzərinə aşması nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Magistralın digər istiqamətində də güclü külək səbəbindən iri gövdəli ağaclar aşıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb və nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Ərazidə təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən aşan ağacların yoldan götürülməsi istiqamətində işlər aparılıb.

Görülən tədbirlər nəticəsində magistralın hər iki istiqamətində nəqliyyatın hərəkəti tam bərpa olunub.