Elektrik avtomobillərinə maraq niyə azalır? Səbəblər AÇIQLANDI

0
34

Azərbaycanda elektrik avtomobillərinə marağın azalmasına bir sıra amillərin təsir etdiyi bildirilir.

İqtisadçı Emin Qəriblinin sözlərinə görə, bu tendensiyanın səbəbi yalnız vergi dəyişiklikləri deyil. Elektrik avtomobillərindən istifadə zamanı yaranan bəzi praktiki çətinliklər də alıcıların seçimlərinə təsir göstərir.

Onun fikrincə, xüsusilə uzun məsafələrdə, yay və qış aylarında avtomobillərin vəd edilən yürüş məsafəsini tam təmin etməsi hər zaman mümkün olmur. Bu səbəbdən sürücülər daha çox hibrid avtomobillərə üstünlük verirlər.

Digər əsas problem isə elektrikdoldurma infrastrukturunun kifayət qədər inkişaf etməməsidir. Doldurma məntəqələrinin sayının az olması, eləcə də bəzi insanların avtomobillərini ev şəraitində rahat şəkildə enerji ilə təmin edə bilməməsi elektrik avtomobillərinə tələbatı azaldan amillər sırasındadır.

İqtisadçı hesab edir ki, elektrik avtomobillərinin ölkədə daha geniş yayılması üçün elektrikdoldurma məntəqələrinin sayının artırılması və infrastrukturun inkişaf etdirilməsi vacibdir.