Ayda 222 metrlik nəhəng krater aşkarlandı – alimlərdən mühüm açıqlama

0
13

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri Ayın səthində 2024-cü ildə yaranmış və diametri 222 metrə çatan yeni zərbə krateri aşkar ediblər.

Məlumata görə, bu barədə NASA-nın məlumatlarına əsaslanan elmi araşdırma dərc olunub. “Science Advances” jurnalında yayımlanan araşdırmada yeni krater Günəş sistemində indiyədək müşahidə edilmiş ən böyük müasir zərbə krateri kimi qiymətləndirilib.

Araşdırmaya əsasən, 2025-ci ilin payızında “Lunar Reconnaissance Orbiter” kosmik aparatının genişbucaqlı kamerası ilə əldə edilən görüntülərin əvvəlki məlumatlarla müqayisəsi zamanı 2024-cü ilin yazında formalaşdığı müəyyən edilən 222 metrlik krater aşkar olunub.

Alimlərin hesablamalarına görə, bu ölçüdə zərbə hadisələri Ay səthində orta hesabla təxminən 132 ildən bir baş verə bilər.

Sonrakı mərhələdə peykin dar bucaqlı kamerası vasitəsilə aparılan daha detallı müşahidələr kraterin geoloji xüsusiyyətlərinin öyrənilməsinə imkan verib. Tədqiqat zamanı, həmçinin kraterlərin formalaşması ilə bağlı mövcud modellər yenilənib və zərbənin Ayın ətraf səthinə təsiri sənədləşdirilib.

Mütəxəssislərin son hesablamalarına əsasən, Ayın səthində diametri 1-20 kilometr arasında dəyişən təxminən 5 min krater mövcuddur. Diametri 10 metr ilə 1 kilometr arasında olan kraterlərin sayının isə təxminən 1 milyon olduğu bildirilir.

Bundan əlavə, eni 10 metrdən az olan kraterlərin sayının 1 milyarda yaxın olduğu təxmin edilir.