Kart ödənişləri üzrə xidmət haqqı azalır: keşbeklərə təsir ola bilər

0
38

Kartla ödəniş zamanı banklar arasında hesablaşmalara görə tətbiq olunan xidmət haqqının yuxarı həddi bəzi sahələr üzrə aşağı salınacaq.

Azerxeber.com Baku TV-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən etibarən yeni dəyişikliklər qüvvəyə minəcək.

Qərara əsasən, xidmət haqqının yuxarı həddi 0.25 faiz bəndi azaldılaraq aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 faizi, yanacaq kateqoriyası üzrə 0.75 faizi, ümumi kateqoriya üzrə isə 1.5 faizi səviyyəsində müəyyən olunub.

Məlumata görə, bu xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir və nağdsız ödənişlərə görə təqdim olunan keşbeklərin maliyyə mənbələrindən biri hesab olunur.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, xidmət haqqının azalması gələcəkdə keşbek siyasətinə təsir göstərə bilər. O qeyd edib ki, banklar bazar şəraitinə uyğun olaraq bu istiqamətdə siyasətlərinə yenidən baxırlar və son dövrlər keşbek təkliflərində cəlbediciliyin azaldığı müşahidə olunur.