ABŞ-dan İrana yeni zərbələr: Elektrik şəbəkələri və hava limanı hədəfə alındı

0
17

ABŞ İranın cənubunda yerləşən Hörmüzgan əyalətində bir neçə elektrik enerjisi təchizatı şəbəkəsinə zərbələr endirib.

Nəticədə bölgənin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bu barədə İranın Enerjinin İstehsalı və Paylanması Şirkətinin direktoru Məhəmməd Allahdad bildirib.

Onun sözlərinə görə, yaranmış fasilələrin aradan qaldırılması və abonentlərin elektrik enerjisi ilə təminatının bərpası istiqamətində işlər aparılır.

“Bu ərazilərdə yaranmış fasilələri bir saat ərzində aradan qaldırmaq və istehlakçıların elektrik enerjisi ilə təchizatını bərpa etmək üçün bütün səylərimizi göstəririk”, – deyə Allahdad qeyd edib.

Bundan başqa, İranın cənubunda, Kerman əyalətində yerləşən Ciroft şəhərinin mülki hava limanının da ABŞ zərbələrinin hədəfinə çevrildiyi bildirilir.

İranın dövlət teleradio şirkətinin yaydığı məlumata görə, hava limanına zərbə endirilib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb.

“Press TV”nin məlumatına görə, İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir sıra sahilyanı şəhərlərdə də silsilə partlayışlar baş verib.