26 Avqust – Laçın Şəhəri Günü: Laçının azad edilməsindən 4 il ötür

0
32

26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur.

Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçib. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə yerləşdirilib və şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2022-ci il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü elan olunub.

Laçının azad olunması Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin mühüm nəticələrindən biri kimi qiymətləndirilir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu həmin il dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılıb.

Lakin Laçın şəhəri Laçın dəhlizinin marşrutu üzərində yerləşdiyindən 2022-ci ilin avqustunadək Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində qalıb. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu avqustun 26-da Laçın şəhərinə daxil olaraq burada nəzarəti təmin edib. Eyni zamanda, Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçib.

Laçın şəhərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində şəhərin tarixi simasının qorunması və müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib.

2023-cü il avqustun 26-da Laçın şəhərində ilk dəfə “Laçın Şəhəri Günü” münasibətilə geniş tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində təşkil olunan bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib.

Hazırda 26 avqust Laçının Azərbaycanın nəzarətinə qayıtmasını və şəhərdə yeni inkişaf mərhələsinin başlanmasını simvolizə edən əlamətdar tarix kimi qeyd olunur.