Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyət hesabatında ölkədə heyvanların kəsimi ilə bağlı yaş həddinin müəyyən edilməsi təklif olunur. Sənəddə qeyd edilir ki, son illərdə Azərbaycanda iri və xırdabuynuzlu mal-qaranın ümumi sayı azalma tendensiyası göstərsə də, heyvandarlıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunub. Bu isə dövlətin prioritetinin heyvan sayının artırılmasından daha çox, yüksək məhsuldarlığa malik ətlik və südlük heyvanların yetişdirilməsinə yönəldiyini göstərir.
Hesabatda vurğulanır ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı” layihəsində iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, heyvanların yaşına və cinsinə görə kəsiminin tənzimlənməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi də planlaşdırılır.
Sənəddə həmçinin erkən yaşda və aşağı çəkidə heyvanların kəsilməsinə səbəb olan amillərin araşdırılması, bu istiqamətdə qanunvericilik təşəbbüslərinin hazırlanması və mövcud normativ aktların təkmilləşdirilməsi kimi tədbirlər öz əksini tapır.
Məsələyə münasibət bildirən qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, ət kəsimi ilə bağlı normativlərin tətbiqi qısa müddətli perspektivdə bazarda ət çatışmazlığına səbəb ola bilər. Onun sözlərinə görə, belə məhdudiyyətlər bazara çıxarılan heyvanların sayını azaldaraq xüsusilə maliyyə imkanları məhdud olan fermaların fəaliyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, uzunmüddətli perspektivdə heyvanların daha yüksək çəkidə yetişdirilməsi xam ət ehtiyatının artmasına və damazlıq heyvanlara çıxışın yaxşılaşmasına şərait yarada bilər. Ekspert ümumiləşdirərək bildirir ki, ilkin mərhələdə bu addım mal və qoyun ətinin qiymətinin artmasına gətirib çıxara bilər. Qiymət artımının qarşısının alınması üçün isə idxalın artırılması, fermerlərə subsidiya və digər dəstək mexanizmlərinin tətbiqi məqsədəuyğun hesab olunur.

Qida təhlükəsizliyi sahəsində mütəxəssis Məhsəti Hüseynova isə qeyd edir ki, qoyun əti qida dəyərinə görə quzu ətindən daha zəngindir. Bununla yanaşı, onun yağlılıq səviyyəsinin yüksək olması bəzi hallarda sağlamlıq baxımından məhdudiyyətlər yaradır. Xüsusilə xroniki xəstəlikləri olan şəxslərə daha yüngül həzm olunan quzu ətinə üstünlük vermək tövsiyə edilir. Ekspert bildirir ki, erkən yaşda kəsilən heyvanların qida dəyəri və zülal miqdarı nisbətən aşağı olur və bu da məhsulun keyfiyyətinə təsir göstərir. Ümumilikdə isə belə məhdudiyyətlərin tətbiqi bazarda ət təklifinin azalmasına, nəticədə isə qiymətlərin artmasına səbəb ola bilər.

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimlinin fikrincə, praktikada iribuynuzlu heyvanların erkən yaşda kəsilməsi geniş yayılmayıb. O qeyd edir ki, istehlakçı tələbatı daha çox az çəkili xırdabuynuzlu heyvanlara yönəlib. Fermer təsərrüfatları baxımından isə bu heyvanların saxlanması daha az vaxt və xərc tələb edir. Xüsusilə erkək quzuların müəyyən müddətdən sonra satışa çıxarılması daha geniş yayılmış praktikadır. Ekspert vurğulayır ki, təklif olunan məhdudiyyətlərin tətbiqi nəzarət və qeydiyyat mexanizmlərinin yetərincə inkişaf etmədiyi şəraitdə praktiki çətinliklər yarada bilər. Onun fikrincə, inzibati qadağalardansa, maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha effektiv yanaşma ola bilər.

Beləliklə, təklif olunan dəyişikliklər qısa müddətdə bazarda müəyyən disbalans yarada bilsə də, uzunmüddətli perspektivdə heyvandarlıq sektorunda keyfiyyət göstəricilərinin yüksəldilməsinə və daha dayanıqlı istehsal modelinin formalaşmasına xidmət edə bilər.



